Xristianlıq İsa Məsihin "Əhdi-Cədid", digər adı ilə "İncil" (anlamı: xoş müjdə) dini kitabında əksini tapmış həyatının təsvirinə və baxışlarına əsaslanan monoteist dindir. Digər adları: məsihçilik, məsihilik, nəsranilik, nəsraniyyət, tərsadır. Üç əsas dünya dinlərindən (yəhudilik və islamla bərabər) biri olub İbrahimi dini kimi də sayılır. Xristianlar inanırlar ki, Nazaretdən olan İsa "məsh olunmuş ilahi varlıqdır (Məsihdir)", Tanrının Kəlamıdır, bəşər olmuş Kəlamdır, Tanrıdır, Tanrının oğludur və bəşəriyyəti xilas edəcək Məsihdir. Xristianlıq bizim eranın I əsrində Roma imperiyasının tərkibində olan Fələstin torpağında, yəhudilərin arasında yaranıb. Sonradan o digər əyalətlərdə və xalqların arasında yayılmağa başlamışdı. Xristianlığın üç əsas cərəyanları katoliklik, pravoslavlıq və protestantlıqdır.

Xristianlıq Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə qədim dövrlərdə mövcud olmuş xristian icmaları vasitəsilə yayılmışdır. Azərbaycanın xristianlığı, əsasən, ortodoks və Qafqaz Alban kilsəsi vasitəsilə inkişaf edib.

I əsrdən tarixi Azərbaycan torpaqlarında yayılmağa başlayan xristianlıq II əsrdən etibarən yerli əhalinin arasında geniş populyarlıq qazanır. Hətta 313-cü ildə, əsasən, bugünkü Azərbaycan Respublikasının ərazisində mövcud olmuş Albaniyanın rəsmi dövlət dini statusunu əldə edir. Ərəb işğalından sonra (VIII əsr) Albaniyada islam dini yayılmağa başlayır. Xəlifə Əbd-əl Malikin verdiyi fərmana görə Alban apostol kilsəsi özünün avtokefallığını itirsə də, XIX əsrin əvvəllərində Azərbaycanın Rusiya imperiyasına birləşdirilməsindən sonra I Nikolayın reskripti ilə 1836-cı ildə ləğv edilənə qədər öz fəaliyyətini davam etdirmişdi. Bu gün Azərbaycanda mövcud olan xristian icmaları, əsasən, ruslar, ermənilər və gürcülərdən ibarətdir. Bununla yanaşı, Alban etnoslarından biri olan udinlər xristianlıq etiqadlarını günümüzə kimi qoruyub saxlamış və Alban Apostol Kilsəsinin tarixi ənənələrini uğurla yaşatmağa davam edirlər.

Azərbaycanda dini tolerantlıq ənənəsi güclüdür. Müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı hörmət və anlaşma mövcuddur. Xristianlıq ölkənin multikultural mühitinin bir hissəsidir. Qeyd edək ki, günümüzdə Azərbaycanda dörd molokan dini icması dövlət qeydiyyatına alınmışdır: Bakı şəhəri "Molokan ruhani-xristian" dini icması, Sumqayıt şəhəri "Molokan ruhani-xristian" dini icması, Qobustan rayonu Hilmilli kəndi "Molokan ruhani-xristian" dini icması, İsmayıllı rayonu İvanovka kəndi "Molokan ruhani-xristian" dini icması.
Qafqazda, eləcə də bütün xristian dünyasında olan qədim xristian kilsələrindən biri Alban kilsəsi hesab edilir. Xristianlıq Azərbaycanda hələ apostol dövründə, rəvayətə görə, müqəddəs Həvari Varfolomey (o da burada şəhid olub) və yerli ənənəyə görə Albaniya Həvarisi adlandırılan Apostol Faddeyin şagirdi Yeliseyin təbliğ fəaliyyətindən sonra yayılmışdır. Bu səbəbdən Alban kilsəsi apostol kilsəsi adlandırılır. Ümumiyyətlə, alban ənənəsi xristianlığın yayılmasında bir-birini əvəz edən iki dövrü qeyd edir: həvari dövrü adlanan birinci mərhələ həvarilərdən Müqəddəs Faddeyin, Müqəddəs Varfolomeyin və Müqəddəs Faddeyin şagirdi Müqəddəs Yeliseyin adı ilə bağlıdır. IV əsrə kimi davam edən bu dövr şərti olaraq siryanipərəst dövrü adlandırılır. İkinci (yunanpərəst) mərhələ Maarifçi Qriqorinin və Alban hökmdarı Urnayrın adları ilə bağlıdır. Çar Urnayr 313-cü ildə xristianlığı dövlət dini elan edir və IV ərsin ortalarından Alban kilsəsi aftokefal olur. Erməni-qriqorian kilsəsindən fərqli olaraq Alban Apostol Kilsəsi öz mənşəyinə görə ilkin çağından bilavasitə Yerusəlimlə, Yerusəlimin kilsəsi ilə, sonralar isə Yerusəlimin patriarxlığı ilə bağlı olub.
Sasani şahənşahlarının bölgədə apardıqları konfessional siyasətlə uyğunlaşmaq məcburiyyəti qarşısında qalan Alban Apostol Kilsəsi qısa müddət ərzində monofizit etiqadını qəbul etməyə məcbur qalsa da, əsrlər ərzində deofizit etiqadına sadiq qalmışdır. Ərəb işğalından sonra (VIII əsr) Albaniyada islam dini yayılmağa başlayır. Xəlifə Əbd-əl Malikin verdiyi fərmana görə Alban Apostol Kilsəsi özünün avtokefallığını itirir, iyerarxik baxımdan erməni-qriqorian kilsəsinə tabe edilir. Ərəb xilafətinin konfessional siyasətnin istiqamətlərini öz maraqları ilə uzlaşdırmağı əsas götürərək ermənilər, öz təbirincə, "xalkedonizmə" düşmüş alban ruhanilərini sıxışdırıb çıxarmağa başladılar. Nəhayət, 1836-cı ildə, XIX əsrin əvvəllərində Azərbaycanın Rusiya imperiyasına birləşdirilməsindən sonra I Nikolayın reskripti ilə Alban Katolikosluğu ləğv edildi və onun yerinə erməni kilsəsinin (Eçmiədzin Patriarxlığı) yurisdiksiyasında iki yeparxiya və vikariat yaradıldı. Ətraflı...
Azərbaycan tarixən tolerant bir dövlət olduğunu dəfələrlə sübuta yetirib. Elə Azərbaycanda yaşayan müxtəlif dinlərə mənsub insanların təşəkkül tarixi dediklərimizi bir daha sübut edir. Müxtəlif xalqlara və dinlərə mənsub insanların Azərbaycana pənah gətirməsinin əsas səbəbi bu ölkədə yaşayan insanların mədəniyyəti və onların xarakterik keyfiyyətinə çevrilmiş tolerantlıq xüsusiyyətidir. Bu elə bir sərvətdir ki, min illər boyu heç bir qüvvə onu Azərbaycan xalqından ala bilməyib, əksinə, əsrlər keçdikcə daha da zənginləşib və möhkəmlənib.
Xristianlıq Azərbaycan ərazisinə yeni eranın ilk əsrlərində, hələ İsa Məsihin həvariləri dövründə nüfuz etmişdir. Xristian dininin bir cərəyanı olan katoliklik Azərbaycanda xristianlığın yayılma tarixində ayrıca səhifə təşkil edir və bu səhifənin yaşı əsrlərlə ölçülür. Azərbaycanda hələ orta əsrlərdən yayılmağa başlayan katoliklik XIV əsrin əvvəllərindən etibarən, xüsusilə XVII-XVIII yüzilliklərdə regiona gələn missionerlərin fəaliyyəti nəticəsində yayılmışdı. Hətta Azərbaycanın ən iri şəhərlərində - Bakıda, Şamaxıda, Gəncədə, Naxçıvanda və Təbrizdə katolik monastırları, missiya və məktəbləri fəaliyyət göstərirdi. Tarixi sənədlər katolik missionerlərin çoxsaylı xeyriyyə, tərcümə və tibb fəaliyyətlərindən, yerli əhaliyə göstərdikləri yardımlardan xəbər verir. Xüsusilə XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində neft bumu dövründə Bakıya çoxsaylı katoliklər köçmüş və Azərbaycanda katolik kilsəsinin həyatında yeni mərhələ başlamışdır. Bakıda ilk Roma-katolik prixodu XIX əsrin 50-ci illərində rus ordusu tərəfindən hərbçi katoliklərin Qafqaza sürgün edilməsi ilə əlaqədar olaraq yaradılmışdır.
Həmin dövrdə təkcə Naxçıvanda dominikanlara, yezuitlərə, avqustinlərə və digərlərinə məxsus 12 monastır fəaliyyət göstərirdi. Katolikliyin Şimali və Cənubi Azərbaycanda yayılmasında Fransa kralı XIV Lüdovikin (1643-1715) xüsusi rolu olmuşdur. Ətraflı...