Tolerantlıq - insanların dinc, yanaşı yaşamasını təmin edən vacib anlayışdır. İnsanlar müxtəlif əqidədə, düşüncədə və dünyagörüşündə ola bilirlər. Dinlər və mədəniyyətlər arasında dialoqun yaradılması, qarşılıqlı hörmətə əsaslanan mühitin təmin edilməsi müasir cəmiyyətdə demokratik sabitliyin qorunması baxımından çox əhəmiyyətlidir. Bu baxımdan tolerantlığın qarşılıqlı olması mühüm amildir.

1995-ci il noyabrın 16-da Birləşmiş Millətlər Təşkilatının (BMT) yaradılmasının 50 illiyi münasibətilə keçirilən BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumunun (UNESCO) baş konfransının 28-ci sessiyasında "Tolerantlıq prinsiplərinə dair bəyannamə" qəbul olunub və Beynəlxalq Tolerantlıq Günü elan edilib. Həmin tarixdən başlayaraq hər il noyabrın 16-sı bütün dünyada Beynəlxalq Tolerantlıq Günü kimi qeyd olunur.

Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycan qədim tarixə və zəngin mədəniyyətə malikdir. Azərbaycan xalqı bütün dövrlərdə digər dinlərə və mədəniyyətlərə dözümlü münasibəti ilə seçilib. Çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda heç vaxt dini zəmində qarşıdurma olmayıb. Xalqımız daim ölkədə yaşayan müxtəlif millətlərə, dinlərə mənsub insanların dostluğunun, qardaşlığının möhkəmlənməsinə, onlar arasında sülh və əmin-amanlıq mühitinin yaradılmasına çalışıb. Ölkəmizin hər yerində məscidlərlə yanaşı, kilsə və sinaqoqlar da fəaliyyət göstərir və insanlar azad şəkildə öz dini ayinlərini icra edə bilirlər.

Ümummilli lider Heydər Əliyev multikulturalizm və tolerantlığı müstəqil Azərbaycanın dövlət siyasəti səviyyəsinə yüksəldərək bu sahədə çox mühüm işlər görüb. Ulu öndər ölkəmizdəki tolerantlıq mühitini belə xarakterizə edib: "Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayırlar. Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir".

Ümummilli lider Heydər Əliyev ölkəmizdəki müxtəlif dini konfessiyaların rəhbərləri ilə tez-tez görüşüb, dini bayramlarını təbrik edib, onların fəaliyyəti üçün şəraitin yaradılması üçün tapşırıqlar verib. Müsəlman dininə məxsus ziyarətgahlar ilə yanaşı, digər konfessiyalara aid kilsə və sinaqoqların təmir-bərpası həyata keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə böyük inkişafa nail olan ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələri də uğurla davam etdirilir. Ölkə başçısının sərəncamı ilə 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan olunması dövlətimizin bəşəri dəyərlərə, dinlər və mədəniyyətlər arasında dialoqa verdiyi önəmin daha bir nümunəsidir. Dini tolerantlığın və multikulturalizmin unikal nümunəsini yaradan ölkəmiz 2010-cu və 2019-cu illərdə "Dünya dini liderlərinin sammiti"nə ev sahibliyi edərək həmin tədbirlərdə dünyada sülhün, dinlərarası anlaşmanın davamlı olmasına mühüm töhfələr verib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkəmizdə dini tolerantlıq mühitinin inkişafında mühüm rol oynayır. Fondun dəstəyi ilə müxtəlif dinlərə məxsus ibadət yerləri təmir-bərpa edilir, bununla bağlı layihələr həyata keçirilir.

2020-ci il noyabrın 10-da Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən savaşında tarixi Zəfər qazanaraq torpaqlarını erməni işğalından azad etdi, suverenliyini tam bərpa etməyə nail oldu. 30 il ərzində erməni vandalizminə məruz qalan məscid və ziyarətgahlarımız kimi digər dinlərə aid məkanlar da bu gün azad Qarabağın böyük quruculuq planının vacib elementi təki yenidən tikilir və bərpa olunur.